Müharibəsiz dünya mümkündürmü? | Freydin Eynşteynə cavab məktubu

      Müharibəsiz dünya mümkündürmü? |    Freydin Eynşteynə cavab məktubu
  13 May 2025    Oxunub:340
1931-ci ildə Millətlər Liqasının (BMT-nin prototipi) təklifi ilə İntellektual Əməkdaşlıq İnstitutu Albert Eynşteyni özünün seçdiyi istənilən fikir adamıyla siyasi və ümumbəşəri sülhə nail olmaq yolları haqqında fikir mübadiləsi aparmağa dəvət etdi. Eynşteyn insan təbiəti üzrə əsas mütəxəssis hesab etdiyi Ziqmund Freydi seçdi. Beləcə, iki dahinin arasında yazışma başladı.
Böyük fizik psixoanalizə şübhə ilə yanaşmasına baxmayaraq, Freydin yaradıcılığına heyran idi. Eynşteyn psixoloqa ilk məktubunu 1931-ci il aprelin 29-da yazıb. Freyd diskussiya dəvətini qəbul edir, lakin fikirlərinin çox pessimist görünə biləcəyini də əvvəlcədən bildirir.

İl ərzində mütəfəkkirlər bir neçə dəfə məktublaşdılar. Taleyin ironiyasına baxın ki, məktublar 1933-cü ildə, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra nəşr olunub və nəticədə həm Freyd, həm də Eynşteyn ölkədən qovulublar.

AzVision.az Albert Eynşteynin Ziqmund Freydə məktubunu oxucularına təqdim etmişdi. İndi isə sizi Freydin cavab məktubu ilə tanış olmağa dəvət edirik.

Vyana, sentyabr 1932
Hörmətli cənab Eynşteyn!

Sizi maraqlandıran və fikrinizcə, başqalarının da diqqətinə layiq olan mövzunun müzakirəsində iştirak etməyə dəvət etmək niyyətinizi bilən kimi, dərhal razılaşdım. Güman edirəm ki, seçdiyiniz mövzu günümüzün mümkün bilik səviyyəsində müzakirə olunacaq və hər birimiz (fizik və ya psixoloq) ona xüsusi yanaşa, beləliklə, müxtəlif istiqamətlərdən yola çıxsaq da, eyni nöqtədə görüşə biləcəyik. Ancaq sonra sualın qoyuluşu məni xeyli təəccübləndirdi: bəşəriyyəti qorxunc müharibə təhlükəsindən uzaqlaşdırmaq üçün nə etmək olar?

Əvvəlcə öz səriştəsizliyimi (az qala “bizim” yazacaqdım) hiss edərək sözün əsl mənasında qorxdum. Çünki müharibə məsələsinə dövlət adamlarının həll etməli olduğu praktiki problem kimi baxıram. Amma sonra anladım ki, siz sualı təbiətşünas və fizik kimi deyil, Millətlər Liqasının çağırışları çərçivəsində fəaliyyət göstərən humanist bir insan kimi qoyursunuz - eynilə dünya müharibəsinin qurbanları olan ac və yurdsuz-yuvasız qalanlara yardım etmək missiyasını üzərinə götürən Frityof Nansen kimi. Fikirləşdim ki, məndən praktiki təkliflər gözlənilmir, sadəcə olaraq müharibənin qarşısının alınması problemilə bağlı psixoloqun baxışlarının necə olduğu haqda danışmalıyam.
Amma siz artıq məktubunuzda bununla bağlı başlıca şeyi söyləmisiniz. Bununla mənim yelkənlərimə əsən küləyi zəiflətdiniz. Odur ki, yazdığınız hər şeyi təsdiqləyərək, məmnuniyyətlə arxanızca gedəcək, sadəcə bilik və ya fərziyyələrimə əsaslanaraq, tezislərinizi daha geniş şəkildə şərh etməyə çalışacağam.

Siz hüquq və hakimiyyətin münasibətindən başlayırsınız. Yəqin ki, bu, araşdırmamız üçün düzgün başlanğıc nöqtəsidir. Bəs “hakimiyyət” sözünü daha kəskin və sərt “güc” sözü ilə əvəz etmək mümkündürmü? Bu gün hüquq və güc bir-birinə ziddirlər. Qanunun gücdən törədiyini göstərmək asandır və əgər onların mənşəyinə qayıdıb, bunun lap əvvəldə necə baş verdiyinə nəzər salsaq, problemin mahiyyətini heç bir çətinlik çəkmədən görə bilərik. Məlum olanı və hamının qəbul etdiyini yeni bir şey kimi təqdim etdiyim üçün üzr istəyirəm, məni buna mövzumuz məcbur edir.

Prinsipial olan insanlar arasındakı maraq toqquşmalarının güc yolu ilə həll edilməsidir. Heyvanlar aləmində də belədir. İnsan özünü istisna etməməlidir; insanlarda yalnız mücərrədliyin ən yüksək zirvələrinə çatan və görünür, onların həlli üçün başqa üsullar tələb edən fikir ziddiyyətlər buna əlavə olunur. Ancaq bu sonradan yaranan bir komplikasiyadır. Başlanğıcda kiçik bir insan qrupunda nəyin kimə aid və kimin iradəsinin üstün olmasına yalnız əzələlərin gücüylə qərar verirlirdi. Ancaq çox keçmədən əzələlərin gücü müdafiə və hücum üçün predmetlərdən istifadə ilə tamamlandı və əvəz olundu; qalib ən yaxşı silaha sahib olan və ondan daha çevik istifadə etməyi bacarandır. Silahların meydana çıxması ilə qaba əzələ gücünün yerini mənəvi üstünlük tutmağa başladı; ancaq mübarizənin son məqsədi dəyişməz olaraq qalır - rəqiblərdən biri ona dəyən zərər və gücünün zəifləməsi ilə öz iddialarından və qarşıdurmadan əl çəkməlidir. Əgər güc düşməni aradan qaldırırsa, yəni onu öldürürsə, məqsədə tam şəkildə nail olunur. Buradakı üstünlük ondan ibarətdir ki, düşmən bir daha heç vaxt yenidən müqavimət göstərməyəcək və onun aqibəti hamıya görk olacaq. Bundan əlavə, düşməni öldürmək instinktiv meyli təmin edir, bundan daha sonra danışacağıq. Ancaq düşməni məğlub və ram edib həyatını bağışlamaq, faydalı iş üçün istifadə etmək onu öldürmək niyyətinə qarşıdır. Belə olduğu halda, güc düşməni kölə etməklə kifayətlənir, lakin bu zaman qalib məğlub olanın qisas almaq ehtirasını nəzərə almalıdır ki, bununla o öz təhlükəsizliyini zəiflədir.


Qaba və ya intellektə əsaslanan böyük gücün hökmranlığının ilkin durumu belə təsəvvür olunur. Bilirik ki, bu rejim inkişaf prosesində dəyişib, yol gücdən hüquqa aparıb. Bəs bu yol necədir? Məncə, yalnız bir yol olub. Mahiyyəti ondan ibarətdir ki, birinin böyük gücü bir neçə zəifin birləşməsi ilə zəiflədilib. L'union fait la force (Güc birlikdədir - fransızca).
Gücün hakimiyyəti birliklə məğlub edilir, birləşənlərin gücü fərdin gücündən fərqli olaraq haqdır. Biz görürük ki, hüquq qrupun, cəmiyyətin hakimiyyətidir. Bu halda hüquq hələ də qrupa müqavimət göstərən hər bir fərdə qarşı yönəlmiş gücdür, o, güc vasitəsi ilə işləyir və eyni məqsədləri güdür. Əsas fərq yalnız ondan ibarətdir ki, artıq qərar verən hər bir fərdin yox, cəmiyyətin gücüdür.

Amma gücdən yeni hüquqa keçidin baş tutması üçün bir psixoloji şərt yerinə yetirilməlidir. Çoxluğun birliyi daimi, uzunmüddətli olmalıdır. Əgər o yalnız bir, fövqəlqüdrətli şəxsə qalib gəlmək məqsədi ilə qurulursa və məqsədə çatdıqdan sonra dağılırsa, bununla heç nə əldə olunmaz. Özünü daha güclü hesab edən başqası yenə də üstünlüyə can atacaq və bu oyun sonsuza qədər davam edəcək. Cəmiyyət özünü saxlamalı, təşkil etməli, təhlükəli üsyanlar barədə xəbərdarlıq edən mexanizmlər yaratmalı, qaydaların və ya qanunların icrasına nəzarət etmək üçün orqanlar müəyyən etməli, vaxtında və müntəzəm şəkildə güc göstərməlidir. Bu şəkildə birləşmiş insan qrupu üzvləri arasında maraq birliyinin tanınması hisslər birliyi və birlik hissi formalaşdırır ki, bu da onların real qalası olur.

Beləliklə, fikrimcə, vacib olan hər şey artıq mövcuddur - hakimiyyəti öz üzvlərinin ümumi səyləri ilə dəstəklənən daha böyük birliyə çevirməklə gücün öhdəsindən gəlmək olar. Qalan hər şey sadəcə təfərrüat və təkrardır. Cəmiyyətdə müəyyən sayda eyni dərəcədə güclü şəxslər olduğu müddətcə münasibətlər sadə olacaq. Bu halda həmin birliyin qanunları cəmiyyət üzvlərinin ümumi həyatını mümkün etmək və hər bir fərdin öz gücündən hakimiyyət kimi faydalanması üçün şəxsi azadlığından nə dərəcədə imtina etməli olmasıyla diktə olunur. Ancaq belə bir sakit durumu yalnız nəzəri cəhətdən təsəvvür etmək olar, reallıqda vəziyyət onunla mürəkkəbləşir ki, lap əvvəldən cəmiyyət güc baxımından qeyri-bərabər komponentlərə malikdir: kişilər və qadınlar, valideynlər və uşaqlar, müharibə və əsarətdən sonra isə qaliblər və məğlub bir-biriylə ağa və qul münasibətində olurlar. Cəmiyyətin hüququ bu halda mövcud olduğu mühitdə qeyri-bərabər güc balansının ifadəsinə çevrilir, qanunları hakimiyyəti əlində saxlayanlar, öz maraqlarını qoruyanlar çıxarır və məğlublara az hüquq verilir. Bu andan etibarən cəmiyyətdə hüquqi həyəcanların və təkmilləşmələrin iki mənbəyi mövcud olur. Birincisi, bu, ayrı-ayrı hakimiyyət mənsublarının hamının qəbul etdiyi məhdudiyyətlər üzərində hegemonluq və hüququn hökmranlığından gücün hökmranlığına qayıtmaq cəhdidir. İkincisi, əzilənlərin daim daha çox hakimiyyətə nail olmaq və bunu qanunla təsdiqləmək səyləri qeyri-bərabər hüquqdan hamı üçün bərabər hüquqa doğru irəliləyiş anlamına gələrdi. İctimai orqanizmin daxilində real güc nisbəti dəyişikliyi baş verəndə sonuncu cəhd getdikcə xüsusilə vacib olur, çünki bu, çoxsaylı tarixi faktorların təsiri altında baş verir. Bu halda qanun tədricən yeni qüvvələr balansına uyğunlaşa bilər və ya hakim sinif belə dəyişikliklərin legitimliyini tanımağa hazır olmur (bu daha sıx baş verir), üsyanlar, vətəndaş müharibələri başlayır, yəni qanunun müvəqqəti ləğvi baş verir və güclər yenidən sınanır, nəticədə yeni hüquqi nizam yaranır. Ancaq qanunda başqa bir dəyişiklik mənbəyi də var ki, özünü müstəsna olaraq dinc yolla göstərir. Bu, insan cəmiyyəti üzvlərinin mədəni inkişafıdır, lakin bu yalnız sonradan nəzərə alına biləcək kontekstə aiddir.

Beləliklə görürük ki, hətta kiçik bir qrup çərçivəsində də ziddiyyətli maraqların güc yolu ilə həllindən qaçmaq mümkün deyil. Ancaq eyni ərazidə birlikdə yaşamaq nəticəsində yaranan birləşdirici məqamların təsiri bu cür münaqişələrin tez sona çatmasına kömək edir və dinc nəticələrin olma ehtimalı daim artır. Belə müharibələr soyğunçuluq və ya tam əsarətlə, döyüşən tərəflərdən birinin məğlubiyyəti ilə başa çatır.
İşğalçı müharibələr haqqında eyni cür mühakimə yürüdülə bilməz. Onların bəziləri davamlı bəlalar gətirirdi, digərləri isə, əksinə, gücün qanuna çevrilməsinə kömək etdi, çünki onların nəticəsində daha böyük cəmiyyətlər meydana gəldi, o cəmiyyətlər daxilində güc tətbiqi qadağan edildi və münaqişələr yeni qanunvericilik əsasında həll edildi. Romalıların Aralıq dənizi ölkələrini zəbt etməsi 200 il davam edən sülh və stabilliyin bərqərar olduğu misilsiz "Pax Romana" dövrünə gətirib çıxartdı. Fransız krallarının ərazilərini böyütmək həvəsi dinc, birləşmiş və çiçəklənən Fransanın yaranmasına səbəb oldu. Nə qədər paradoksal səslənsə də, müharibənin arzu olunan “əbədi” sülhə çatmaq üçün bir vasitə ola biləcəyini inkar etmək olmaz, çünki məhz onun sayəsində böyük cəmiyyətlər yaranıb, onların daxilində formalaşan güclü mərkəzi hakimiyyət növbəti müharibələri aradan qaldırıb. Lakin müharibə hələ də bu vasitəyə çevrilə bilməyib, çünki işğalın uğurları adətən qısamüddətli olur; yeni yaradılan birliklər və icmalar əksər hallarda güc yolu ilə birləşdirilən ayrı-ayrı hissələrin cəlb oluna bilməməsi səbəbindən yenidən dağılır. Bundan əlavə, fəthlər indiyə qədər böyük ərazilərdə olsa belə, yalnız qismən birləşməyə kömək edib və sonradan onlar arasında münaqişələr daha qaçılmaz olub. Bütün bu hərbi səylər nəticəsində bəşəriyyət çoxsaylı, demək olar ki, davamlı lokal müharibələri nadir, lakin daha dağıdıcı total savaşlarla əvəz edib.


Müasir dövrə qayıdanda bu qısa icmaldan çıxan eyni nəticəni görürük. Müharibələrin qarşısının etibarlı şəkildə alınması o halda mümkündür ki, insanlar maraqların fərqliliyindən yaranan bütün münaqişələrdə yekun qərarı verəcək mərkəzi hakimiyyətin tətbiqi üçün birləşsinlər. Bunun üçün mütləq iki şərt yerinə yetirilməlidir: belə bir ali hakimiyyətin yaradılması və ona lazımi səlahiyyətlərin verilməsi. Bu şərtlərdən biri olmadıqda heç bir şey işləməyəcək. Millətlər Liqası belə bir qurum kimi nəzərdə tutulmuşdu, lakin ikinci şərt yerinə yetirilmədi; Millətlər Liqasının öz hakimiyyəti yoxdur və yalnız yeni birliyin üzvləri, ayrı-ayrı dövlətlər öz səlahiyyətlərini ona ötürdükdə bunu əldə edə bilər. Amma hazırda buna ümid çox azdır. Bəşəriyyətin çox nadir hallarda və bəlkə də, bu miqyasda ilk dəfə belə bir cəhd göstərdiyini anlamadan Millətlər Liqası institutunun mahiyyətini başa düşmək qətiyyən mümkün deyil. Bu adətən hakimiyyətə, ideal ilkin şərtlərə xas olan təsirə tabe olmağa məcbur edən avtoriteti əsaslandırmaq cəhdidir.

Biz iki şeyin cəmiyyəti bir yerdə saxladığını artıq eşitmişik: gücün təzyiqinin və onu təşkil edən insanların duyğu birliyinin. Bunu “identifikasiya” da adlandıra bilərik. Əgər bu məqamlardan biri qəfil gücünü itirərsə, cəmiyyət hələ özünü qoruya bilər.
Hisslərin ümumiliyi və ya birləşdirici ideyalar, əlbəttə ki, yalnız cəmiyyət üzvlərinin çox mühüm ümumi keyfiyyətlərini ifadə etdikdə anlamlı ola bilər. Söhbət bu keyfiyyətlərin nə qədər güclü olmasından gedir. Tarix öyrədir ki, onların bəzən çox böyük təsiri olub. Məsələn, pan-ellinist ideya, yəni müəyyən bir cəmiyyətin üzvü olmağın barbar kimi ondan kənarda qalmaqdan daha yaxşı olması ideyası, amfiktioniyalarda, bayramlarda parlaq şəkildə ifadə olunan, kahinlərin təbliğ etdiyi bu fikir müharibə aparma yollarını yumşaltdığı üçün yunanların arasında kifayət qədər güclü idi. Bununla belə, yunan xalqının ayrı-ayrı hissələri arasında hərbi toqquşmaların qarşısını ala bilmədi. Hətta itaət etməyənləri cəzalandırarkən bəzi şəhərləri və ya şəhərlər birliyini perslərlə ittifaqdan saxlaya bilmədi. İntibah dövründə gücü inkar oluna bilməyən xristian icmaları kiçik və böyük xristian şəhərlərinin bir-birləri ilə apardıqları müharibələri dayandırmaq üçün türk sultanına yardım xahişilə müraciət etməyə məcbur oldular. Dövrümüzdə də birləşdirici avtoriteti ifadə edəcək ideya yoxdur. Hazırda xalqlara hakim olan milli idealların parçalanmaya və müharibələrə sürüklədiyi çox açıqdır. Müharibələrə yalnız bolşevik təfəkkürünün geniş yayılmasının son qoyacağını proqnozlaşdıranlar var, amma hər halda, bu gün biz belə bir nəticədən hələ çox uzağıq və görünür, buna yalnız dəhşətli vətəndaş müharibələrindən sonra nail olmaq mümkündür. Deməli, real gücü ideyaların gücü ilə əvəz etmək cəhdi bu gün hələ uğursuzluğa məhkumdur. Hesablamada səhv onda başlayır ki, mənşəyimizdə haqqın qaba gücdə olduğunu və bu gün də gücün dəstəyi olmadan hüququ təmin edə bilməyəcəyini unudursan...

(Ardı var)
AzVision.az


Teqlər: Fəlsəfə   Sülh   Müharibə  





Xəbər lenti